четверг, 6 марта 2014 г.

Sanki ölüm anı çox yaxınlaşıb

Ürək yavaşladır ritmlərini,
Sanki ölüm anı çox yaxınlaşıb.
Duyuram əcəlin qədəmlərini,
Sanki ölüm anı çox yaxınlaşıb.

Gözlər zəifləyir, ağız quruyur,
Qulaqlar kar olub, sanki duymuyur,
Durmaq istəyirəm, ayaq durmuyur,
Sanki ölüm anı çox yaxınlaşıb.

Keçmiş göz önündən keçir bir anlıq,
Hər günüm min əzab, yox firavanlıq,
Nə uşaqlıq gördüm, nə də cavanlıq,
Sanki ölüm anı çox yaxınlaşıb.

Ruhum yavaş-yavaş çıxır bədəndən,
Qocalıq yaşdan deyil, əlbət kədərdən,
Ruhum da yorulub acı qəhərdən,
Sanki ölüm anı çox yaxınlaşıb.

Üzümdə acılı, yorğun təbəssüm,
Həyat acısından edir təcəssüm,
Son dəfə dünyaya edim təbəssüm,
Sanki ölüm anı çox yaxınlaşıb.

Doğulan o günəş batmaq üzrədi,
Acı da, kədər də bitmək üzrədi,
Əcəl ürək qapımı döymək üzrədi,
Sanki ölüm anı çox yaxınlaşıb.

Bədən cavan qalsa da, ruhum qocalıb,
Taqətim yox artıq, gücüm azalıb,
Haqsızlıq görməkdən gözlər qızarıb,
Sanki ölüm anı çox yaxınlaşıb.

Danışmaq istədim, açılmır ağız...
Götürdüm əlimə kiçik bir kağız,
Kimsəsiz, əlacsız yazıram yalqız:
-“ Sanki ölüm anı çox yaxınlaşıb”,
Sanki ölüm anı çox yaxınlaşıb.

Naim Süleymanov 06.03.2014